İyunun 27-də işə başlayan ikigünlük tədbirin ikinci günündə Vergilər Nazirliyinin rəhbər vəzifələri şəxsləri iqtisadçı ekspertlərin və sahibkarların ictimai birliklərinin nümayəndələrinin e-qaimə-fakturanın tətbiqi ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar. Tədbir iştirakçıları e-qaimə-fakturaların tətbiqi sahəsində rastlaşdıqları bir sıra məsələləri müzakirə edib, öz təkliflərini səsləndiriblər.
Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi üzrə ekspertlərin qaldırdıqları məsələlərin həlli yolları ilə bağlı qarşıdakı dövrdə müvafiq addımlar atılacağını qeyd edib.
Vergilər nazirinin müşaviri Xəqani Abdullayev "dəyirmi masa"da ekspertlər tərəfindən qaldırılan praktiki məsələlərin təhlilinin aparılacağını bildirib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, belə görüşlər tez-tez keçiriləcək və Vergilər Nazirliyi açıq qalan məsələlərin həlli istiqamətində ictimaiyyət nümayəndələri ilə birlikdə çalışmağa hazırdır.
Qeyd edək ki, vergitutma məsələlərində açıq dialoq və ictimaiyyətlə əməkdaşlıq prinsiplərinə əsaslanan ikigünlük "dəyirmi masa"da iqtisadi sahədə ixtisaslaşmış ekspertlər, sahibkarların ictimai birlikləri, "böyük dördlük" nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak ediblər.