Azərbaycan və Türkiyə arasında əməkdaşlığa dair sənədlər imzalanıb

2023.12.21 11:40 (UTC+04:00)

Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığa dair 3 sənəd imzalanıb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, Azərbaycan və Türkiyə arasında ticarət və investisiya həcmini artırmaq, əməkdaşlığı gücləndirmək, qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək məqsədilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) arasında 2024-cü il üçün Fəaliyyət Planı imzalanıb. Sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat imzalayıblar.

İmzalanan digər sənəd Azərbaycanda kağız əsaslı boşqablar (stəkanlar, tort altlığı və qapağı, bişirmə qabları və menyu qutuları) kimi təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur. Azərbaycanda tikiləcək istehsal müəssisəsi məhsullarını digər ölkələrə ixrac edəcək. Bu istiqamətdə Azərbaycanın DO-DEM MMC ilə Türkiyənin “Multipak Ambalaj” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi DO-DEM MMC-nin təsisçisi Avni Demirci və “MultiPack” şirkətinin təsisçisi Bülent Doğru imzalayıblar.

Tərəflər arasında imzalanan daha bir sənəd otelçilik sahəsi üzrə əməkdaşlığı ehtiva edir. Bu istiqamət üzrə “Diplomat Ltd” ilə “Doğru Holding” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Azərbaycan tərəfindən “Diplomat Ltd”nin təsisçisi Müşfiq Vəkilov, Türkiyə tərəfindən isə “Doğru Holding”in təsisçisi Bülent Doğru imzalayıblar.