“Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri dövlət başçılarımız cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir. Prezidentlərimiz arasındakı qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər, həmçinin onların müntəzəm təmasları və siyasi arenada qarşılıqlı dəstəyi müttəfiqlik münasibətlərimizin yüksələn xətlə inkişafının əsasını təşkil edir. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Nazir vurğulayıb ki, qarşılıqlı etimada əsaslanan qardaşlıq mühiti işgüzar dairələri əməkdaşlığın inkişafına həvəsləndirir. Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, habelə biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər keçirilib: “Özəl sektor tərəfindən icra edilən birgə layihələr hər iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu layihələr qardaşlığımızın möhkəmlənməsi, qeyri-neft sektorunun inkişafı, rifahın yüksəldilməsi, rəqabətqabiliyyətli məhsul və yeni iş yerlərinin açılması deməkdir”.