İlk beş ayda portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,6 faiz), Türkiyə (7,4 faiz), İngiltərə (5,9 faiz), ABŞ (5,9 faiz) və Hindistan (5,9 faiz) qərarlaşıb. 2019-cu ilin may ayında ən çox ixrac sifarişi pambıq və pambıq məhsulları, biyan, tütün, toyuq əti və yumurtası, kartof, soğan, mineral su, mühərrik yağı, qənnadı məhsulu, nar şirəsi, tibbi tənzif, şərab, çay, kosmetik vasitə, tikinti materialı, mebel dəsti, alma, gül, təzə və qurudulmuş pomidor və s. mallara aid olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 may tarixinə kimi "Azexport.az" portalına dünyanın 130 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 250,9 milyon dollar təşkil edib. 2019-cu ilin yanvar-may ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 59,7 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Bu ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 204 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2018-ci ilin may ayı ilə müqayisədə 22 milyon dollar və ya 12 faiz çoxdur. Mayda qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (96,3 milyon dollar), Türkiyəyə (33 milyon dollar), Gürcüstana (14,6 milyon dollar), İsveçrəyə (8,2 milyon dollar) və İtaliyaya (6,6 milyon dollar) ixrac edilib.
May ayında qeyri-neft sektoru üzrə ixracda ilk yeri pomidor tutub - 54,6 milyon dollar. Kartof ixracı 20,2 milyon dollar, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələrin dəyəri isə 12,9 milyon dollar olub. Bu ilin yanvar-may aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 18 ölkəsinə 16,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizi həcmində olub.