Ölkədə sementin istehsal və ixracı artıb

2023.12.20 12:52 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədə 3 418,4 min ton həcmində sement istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki müvafiq göstəricini 4 faiz və ya 132,7 min ton üstələyir.

Cari ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 0,6 faiz və ya 2,1 min ton artım qeydə alınıb. Noyabr ayında 343,3 min ton sement istehsal olunub. Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 59,1 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk 11 ayında ölkədən 46,1 milyon ABŞ dolları dəyərində 805,1 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2022-ci ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 50,1 faiz və ya 15,39 milyon dollar, həcm baxımından isə 24,8 faiz və ya 160,18 min ton çoxdur.

2023-cü ilin ilk 11 ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,52 faizə bərabər olub.