MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5,8 milyard dolları ötüb

2023.12.18 17:25 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 9,5 faiz və ya 506,1 milyon ABŞ dolları artaraq 5,8 milyard dolları ötüb.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 11 ayında Azərbaycandan MDB ölkələrinə 1,5 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 1,7 faiz və ya 25,49 milyon dollar çoxdur.

MDB ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 12,4 faiz və ya 480,6 milyon dollar artaraq 4,34 milyard dolları üstələyib.

Cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 12,36 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,51 faiz bəndi çoxdur.