Bakıda "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı beynəlxalq sığorta forumu işə başlayıb
İyirmiyə yaxın xarici ölkə nümayəndələrinin iştirak etdiyi forumu açan Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov sığorta bazarında nəzərə çarpan inkişaf və perspektivlər, yeni trendlər, mexanizmlər, eləcə də sığorta sektoruna inam və etimadın yüksəldilməsi ilə bağlı görülən işlərdən danışıb.
Bildirilib ki, 2019-cu ilin ilk rübündə qeyri-neft ÜDM-də sığorta sektorunun payı 1,9 faiz olub. Bu dövrdə sığorta sektorunun aktivləri 13,3 faiz artaraq 1,4 milyard manata çatıb. Hazırda sığorta bazarında ən böyük pay avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına aiddir. Sığorta müqavilələrinin 50 faizi bu məhsul üzrə bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə isə bazar payının çox az olduğu vurğulanıb. Palata rəsmisi 4 yeni sığorta növünün tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirildiyini, daha 2 məhsulun isə bazara çıxarılması istiqamətində işlər aparıldığını deyib.
Forumda millət vəkilləri, digər dövlət strukturlarının rəsmiləri də sığorta sektorunun mövcud problemləri və görüləcək işlər barədə məlumat veriblər.
Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası, Təhsil Nazirliyi, "ASAN xidmət", İcbari Sığorta Bürosu və Sığortaçılar Assosiasiyası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.