Finlandiyada artıq ödənilmiş vergilər geri qaytarılıb

2018.12.19 08:55 (UTC+04:00)

Finlandiyada vergi ödəyicilərinin 2017-ci il üzrə artıq ödədikləri vergilərin özlərinə qaytarılmasına başlanılıb. 3 milyon 600 min vətəndaşa qaytarılacaq vəsaitin ümumi məbləği isə təxminən 3 milyard avro təşkil edir. Ölkənin Dövlət Vergi Xidməti bu xəbəri təsdiqləyərək bildirmişdir ki, 2017-ci ildə vergi ödəyicilərindən artıq toplanılmış vəsaitin məbləği 2 milyard 939 milyon avro təşkil edir. Vergi xidmətinin açıqladığı statistik məlumatlara əsasən, 2016-cı il üzrə qaytarılmış vəsaitin məbləği 2,6 milyard avro, 2015-ci ildə isə 2,3 milyard avro olmuşdu.

"Nordea" bankının vətəndaşlar arasında apardığı sorğunun nəticələrinə görə, vergi ödəyicilərinin əksəriyyəti onlara geri qaytarılacaq pulları yeni il hədiyyələrinə xərcləməyi planlaşdırırlar. Bir çox ticarət məntəqələrində qaytarılan vergilərin xərclənməsi üçün xüsusi aksiyalar təşkil edilmişdir. Vergilərin qaytarılması Finlandiya vətəndaşları üçün sürpriz sayılmır. Çox vaxt onlar şüurlu şəkildə bilərəkdən artıq vergi ödəyirlər ki, yeni il ərəfəsində geri ala bilsinlər. Gözlənilir ki, vətəndaşların gəlirləri və ödədikləri vergilər haqqında məlumat mübadiləsi prosesinin rəqəmsallaşdırılması sayəsində həmin proses sürətləndiriləcək. Məsələn, 2019-cu ildə işçilərin hesablarına əməkhaqqının köçürülməsi barədə məlumatı vergi orqanları real vaxt rejimində əldə edəcəklər. Vergi güzəşti olmayan vətəndaşlar isə qaytarılmış vəsaitləri avqust ayında ala biləcəklər.