Li Flounder: “Süni intellekt prosesləri optimallaşdırmağa imkan verir”

2023.12.18 12:10 (UTC+04:00)

“Süni intellekt prosesləri avtomatlaşdırmağa və optimallaşdırmağa imkan verir”. Bunu informasiya texnologiyaları sahəsi üzrə ekspert, “FinTech” şirkətinin böhranların idarə edilməsi üzrə direktoru, “NowNow” şirkətinin kommersiya direktoru Li Flounder “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına müsahibəsində bildirib.

“Süni intellektin dizaynı və inkişafı iki əsas hissəyə bölünə bilər. Birincisi, alqoritm yaratmaqdır. Bu alqoritmin yaradıcıları süni intellektin qeyri-etik məqsədlər üçün istifadəsinə imkan verməyəcək bir çərçivə yaratmalıdırlar. İkinci hissə isə tənzimləmə ilə bağlıdır. Normativ baza aydın və şəffaf olmalıdır. İnsanlar başa düşməlidirlər ki, bu, süni intellektin yaratdığı məhsul və ya xidmətdir”, - ekspert qeyd edib.

L.Flounder bildirib ki, Dördüncü Sənaye İnqilabının təsirini ilk növbədə rəqəmsallaşma və qabaqcıl texnologiyalardan istifadə kimi müəyyən etmək olar: “Mən hazırda Afrikada, xüsusən Nigeriyada işləyirəm və biz smartfonlardan istifadə prosesini müşahidə edirik. Ağıllı texnologiya və kommunikasiyaların istifadəsi inkişaf etməkdə olan bazara böyük təsir göstərib. Beləliklə, hər hansı inkişaf etməkdə olan bazar üçün sənaye inqilabı alətləri, batareya tutumuna əsaslanan smart texnologiyalar, 5G bağlantısı, qabaqcıl analitika və süni intellekt insanların həyatını yaxşılaşdıra bilər. Rəqəmsallaşma inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına böyük təsir göstərəcək”.

Ekspertin fikrincə, süni intellektin bizneslər, hökumətlər və bütövlükdə cəmiyyətə verdiyi əsas imkanlar işləri daha səmərəli yerinə yetirmək üçün prosesləri avtomatlaşdırmaq və optimallaşdırmaq bacarığıdır: “Bu, məhsulun qablaşdırılmasından tutmuş, yüksək texnoloji həllər də daxil olmaqla, geniş bir sahəni əhatə edə bilər. Ancaq əksər insanlar bunun əmək bazarını necə dəyişəcəyindən narahatdırlar. Həm hökumətlər, həm də bizneslər insanların bacarıqlarını artırmaq üçün çox işlər görməlidirlər”.

Tamilla MƏMMƏDOVA