Cari il ərzində “Göyçay süd” şirkəti meyvə şirələrinin ixracını ötən illə müqayisədə təxminən 20 faiz artırıb.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına süd məhsulları və meyvə şirələrinin istehsalı ilə məşğul olan “Göyçay süd” Açıq Səhmdar Cəmiyyətinin (ASC) direktoru Soltan Mustafalı deyib.
Onun sözlərinə görə, ötən il 4,2 milyon, bu il isə 5,5 milyon manatlıq məhsul istehsal ediblər. Hazırda xaricə 16 adda məhsul ixrac edilir. Bu məhsullar Kanada, Rusiya, Qazaxıstan, Avropa dövlətləri də daxil olmaqla, ümumilikdə 12 ölkəyə ixrac edilir. Müəssisənin əsas ixrac bazarı isə Rusiyadır.
“İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yeni avadanlıqlar aldıq və bunun hesabına istehsalımızı artırdıq. Gələn il istehsalın həcmini 20 faiz də artırmağı planlaşdırırıq”,- deyən S.Mustafalı əlavə edib ki, şirkət bu məqsədlə gələn il Sahibkarlığın İnkişafı Fonduna (SİF) müraciət etməyi nəzərdə tutur.