Bu ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 227,2 mln. kVt·st, yəni 0,8 faiz artaraq 26 487,5 mln. kVt·st olub.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin 11 ayında elektrik enerjisinin istehsalı keçən ilin yanvar-noyabr aylarına nisbətən İES-lərdə 120,2 mln. kVt·st (0,9 faiz) artaraq 24 525,1 mln. kVt·st, SES-lərdə 103,7 mln. kVt·st (6,8 faiz) artaraq 1636,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə külək elektrik stansiyalarında (KES) 54,3 mln. kVt·st, günəş elektrik stansiyalarında (GES) 69,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 201,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Ötən ilin yanvar-noyabr aylarına nisbətdə KES-lər üzrə elektrik enerjisi istehsalında 24,8 mln. kVt·st (31,4 faiz) azalma, GES və BMTZ üzrə isə müvafiq olaraq 10,7 mln. kVt·st (18,1 faiz) və 17,4 mln. kVt·st (9,4 faiz) artım qeydə alınıb.
Ümumilikdə yanvar-noyabr aylarında su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 962,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin göstəricisini 107 mln. kVt·st və ya 5,8 faiz üstələyir.