Azərbaycanda ilk dəfə olaraq daş yunu istehsalına başlanılacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Mətanət A” şirkətinin layihələr üzrə meneceri Kamal Həşimov deyib.
Onun sözlərinə görə, hazırda Ələt Azad İqtisadi Zonasında daş yunu istehsal edəcək zavodun tikintisi aparılır. Zavodun yaxın zamanlarda fəaliyyətə başlayacağı gözlənilir. Müəssisə alman texnologiyası əsasında fəaliyyət göstərəcək və Avropa standartlarına cavab verən məhsul istehsal olunacaq.
K.Həşimov qeyd edib ki, hazırda Azərbaycana daş yunu Rusiya, İran və digər ölkələrdən idxal edilir: “Yerli istehsal olacağı təqdirdə həm rəqabət potensialımız artacaq, həm də qiymətlərdə enmələr olacaq”.
K.Həşimov yerli bazarı məhsulla təmin etməklə yanaşı, xaricə də məhsul ixrac etməyi planlaşdırdıqlarını açıqlayıb.
Qeyd edək ki, “Mətanət A” şirkəti 2000-ci ildən fəaliyyət göstərir.