Aktau və Ələt dəniz limanlarının informasiya sistemləri, eləcə də “KTZ Express” SC-nin İT ekosistemi ilə Aktau limanının “SolvoTos” sistemi arasında ilkin məlumat mübadiləsi üçün inteqrasiya işləri başa çatdırılıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, yaxın vaxtlarda daşımalarla bağlı ilkin məlumatların qəbulu və mübadiləsi üçün “KTZ Express”in Çinin iri logistik platformaları ilə inteqrasiyasının başa çatdırılması gözlənilir.
Hazırda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) iştirakçıları ilə birlikdə proseslərin rəqəmsallaşdırılması vasitəsilə xidmətin təkmilləşdirilməsi və daşımaların səmərəliliyinin artırılması istiqamətində işlər aparılır. Layihə marşrutun rəqabət qabiliyyətinin artırılmasında əsas amil olan daşımalarda şəffaflığın artırılması, vaxtın azaldılması və yükdaşıma prosesinin təkmilləşdirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. TBNM-də həyata keçirilən rəqəmsallaşma konsepsiyası dəmir yolu administrasiyaları arasında “rəqəmsal qarşılıqlı əlaqə” vasitəsilə konteynerlərin dəqiq yerini müəyyənləşdirmək və müştəri məmnuniyyətini artırmaq məqsədi daşıyır.