Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, may ayına bank sektorunun aktivlərinin 43,4 faizini kredit portfeli təşkil edib. Ay ərzində kredit portfeli 1,5 faiz (186,6 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 861 milyon 400 min manat təşkil edib. May ayında milli valyutada kreditlər 2,1 faiz (170,4 milyon manat) artaraq 8 milyard 264 milyon 300 min manata çatıb.
Hesabat dövründə fiziki şəxslərin əmanətləri 8 milyard 527 milyon 600 min manat təşkil edib. Milli valyutada olan əmanətlər 1,3 faiz (47,7 milyon manat) artıb. Hüquqi şəxslərin cəmi depozitləri 0,3 faiz (29,1 milyon manat) artaraq 10 milyard 205 milyon 500 min manata çatıb. Ay ərzində müddətli depozitlər 18,5 faiz (319 milyon manat) artaraq 2 milyard 46 milyon 700 min manat təşkil edib. Milli valyutada olan depozitlər 3,3 faiz (128 milyon manat) artaraq 3 milyard 971 milyon manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22,1 faiz (331,8 milyon manat) artaraq 1 milyard 836 milyon 500 min manat olub.
May ayında Azərbaycanda fəaliyyət göstərən bankların əməliyyat mənfəəti 20,3 faiz (58,5 milyon manat) artaraq 346,9 milyon manat, xalis mənfəəti isə 325,8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14,6 faiz, kreditlər üzrə faiz gəlirləri isə 18,4 faiz artıb. Qeyd edək ki, bank sektoru ötən ilin ilk 5 ayında 5,5 milyon manat xalis zərər etmişdi. Bu ilin eyni dövründə bankların faiz gəlirləri 803,4 milyon manat, faiz xərcləri 234,1 milyon manat, qeyri-faiz gəlirləri 306,4 milyon manat, qeyri-faiz xərcləri isə 437,6 milyon manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmalar 102,8 milyon manat, digər gəlirləri 21,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 30,9 milyon manat olub.