Azərbaycanla Stavropol diyarı arasında ticarət dövriyyəsi 10 faiz artıb

2023.12.14 17:23 (UTC+04:00)

Bu ilin əvvəlindən Azərbaycan ilə Stavropol diyarı arasında ticarət dövriyyəsi 10 faiz artaraq 165 milyon ABŞ dolları təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Stavropolun iqtisadi inkişaf naziri Denis Polyubin bildirib.

Onun sözlərinə görə, Azərbaycan Stavropol diyarının əsas xarici ticarət tərəfdaşlarından biridir və sanksiyalar vəziyyəti dəyişməyib. “Regiondan respublikaya 154 milyon dollar dəyərində məhsul ixrac edilib”, - deyə D.Polyubin qeyd edib.

Əsas ixrac olunan malların siyahısına buğda, qarğıdalı, arpa (ümumi ixracın təxminən 80 faizini təşkil edir), həmçinin, qənnadı məmulatları, günəbaxan yağı və mineral su daxildir. Sənaye məhsulları arasında mineral gübrələr, plastik məmulatlar, dam örtükləri və elektrik sayğaclar üstünlük təşkil edir.