Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərinin operatoru olan “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade" şirkətinin nümayəndələri Azərbaycana səfər edib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, Azərbaycanın Çində fəaliyyət göstərən ticarət evlərində təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi, əməkdaşlıq edilən Azərbaycan şirkətlərinin sayının artırılması, o cümlədən ölkə bazarının imkanlarının araşdırılması məqsədilə edilən səfər çərçivəsində şirkətin İdarə Heyətinin sədri Vanq Veiveyin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, SOCAR, "SOCAR Polymer", AZPROMO və İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təmsilçiləri, o cümlədən sənaye parklarının rezidentləri ilə görüşlər keçirib.
Bununla yanaşı, nümayəndə heyəti ölkənin müxtəlif regionlarında kimya, kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən neft emalı, qida və şərab istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub, tərəfdaşlıq perspektivlərini müzakirə ediblər. “Sino-Foreign Economic Cooperation (Beijing) Science and Trade" şirkətinin nümayəndələri həmçinin Şamaxı şəhərində keçirilən İkinci Üzüm və Şərab Festivalında iştirak ediblər.