Dmitri Maryasin: “Azərbaycan əhəmiyyətli nəqliyyat potensialına malikdir”

2023.12.13 17:35 (UTC+04:00)

“Azərbaycan Avropa və Mərkəzi Asiya ölkələri ilə əlaqələri sayəsində mühüm nəqliyyat potensialına malikdir”.

Bunu BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Maryasin “Azərbaycan iqtisadiyyatı” Telegram kanalına bildirib.

D.Maryasinin sözlərinə görə, Azərbaycan tranzit daşımalarda aparıcı rol oynayacaq. Bununla belə, konteyner trafikini əhəmiyyətli dərəcədə artırmaq üçün ümumi rəqəmsal standartların tətbiqi də daxil olmaqla, əlverişli mühitin yaradılması üzrə işlər davam etdirilməlidir. Ekspertin sözlərinə görə, beynəlxalq standartların tətbiqi ilk növbədə milli prioritetlərə və ölkənin ehtiyaclarına cavab verməlidir.

"Azərbaycan Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində yük daşıyıcılarına təqdim olunan vahid icazə sisteminə qoşulub, həmçinin avtomobil nəqliyyatı sahəsində də fəal iş aparır. Bu, bizim əsas məsuliyyət sahələrimizdən biridir. Əminəm ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının artan imkanları və ölkənin gəmiqayırma potensialı da Transxəzər marşrutu üzrə yükdaşımaları və ticarəti dəstəkləyəcək. Məqsədə çatmağın mühüm açarı hesab olunan rəqəmsallaşmanın köməyi ilə mallar Avropa-Asiya dəhlizi ilə daha sürətli hərəkət edə biləcək”, - BMT rəsmisi bildirib.

Tamilla MƏMMƏDOVA