Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Londonda AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-ə ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib. Nazir ölkəmizin sosial-iqtisadi inkişaf prioritetlərinin qlobal məqsədlərə uyğunluğunu vurğulayaraq, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün səylərin birləşdirilməsinin önəmini qeyd edib. Bildirilib ki, bu kontekstdə Bankla “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq praktiki addımların müzakirəsi vacibdir.
Birinci vitse-prezident Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. Yurgen Riqterink BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, AYİB-in bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Tərəflər Bankla tərəfdaşlıq perspektivləri, bərpa olunan enerji, özəl sektorun dəstəklənməsi və informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.