Ömər Sultanov: "Qırğızıstan Azərbaycandan e-ticarət sahəsində çox şey öyrənə bilər" MÜSAHİBƏ

2023.12.13 15:25 (UTC+04:00)

- Azərbaycanın iqtisadi potensialını necə xarakterizə edərdiniz?

- Azərbaycanın iqtisadi potensialı çox yüksək səviyyədədir. Mən sonuncu dəfə Bakıda 1980-ci ildə olmuşdum. Yenidən Bakıya gələndə bu şəhəri tanımadım. Şəhər inanılmaz dərəcədə dəyişib və gözəl bir meqapolisə çevrilib. Azərbaycanda iqtisadi modelin ümumi rifaha çevrildiyi aydın mənzərə halına gəlib.

Ölkələr arasında iqtisadi qarşılıqlı fəaliyyət
əməkdaşlığın prioritet sahəsi hesab olunur

- Qırğızıstanla Azərbaycan arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz?

- Son illər Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlər yüksək səviyyəyə çatıb. Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində təcrübəsi var və bunu Qırğızıstanla bölüşə bilər. Ümumiyyətlə, ölkələr arasında iqtisadi qarşılıqlı fəaliyyət əməkdaşlığın prioritet sahəsi hesab olunur. Bundan əlavə, Azərbaycanın Qırğızıstanda ticarət evlərinin açılması məsələsi də qaldırılıb. Azərbaycan investorları üçün Qırğızıstan cəlbedicidir, çünki ölkəmiz təbii mineral xammal baxımından əhəmiyyətli potensiala malikdir.

Qırğızıstan-Azərbaycan münasibətləri kifayət qədər geniş əlaqələri əhatə edir. Bu həm iqtisadi blokdur, həm də humanitar sahədə qarşılıqlı fəaliyyətdir. Biz Qırğızıstan-Azərbaycan investisiya fondunu yaratmışıq və qarşılıqlı maraq doğuran yeni layihələr reallaşdıqca onun həcmi artacaq. Azərbaycan və Qırğızıstan həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərdə maraqlı ölkələrdir.

Qırğızıstan da Azərbaycan kimi Böyük İpək Yolunun bərpasına xüsusi önəm verir. İnkişaf edən nəqliyyat əlaqələri qarşılıqlı münasibətlərimizi dərinləşdirmək üçün vacibdir. Hökumətlərarası komissiyanın beşinci iclası ərəfəsində Azərbaycanın AZAL şirkəti Bakı-Bişkek birbaşa aviareysini açıb. Bütün bunlar ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcək.

Azərbaycan və Qırğızıstan həm çoxtərəfli, həm də
ikitərəfli münasibətlərdə maraqlı ölkələrdir

- Sizcə, yeni dəhlizlərin açılması Azərbaycanın və bütövlükdə regionun tranzit potensialına necə təsir edə bilər?

- Biz Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini, separatçılara qarşı 30 illik mübarizədə ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini mütləq şəkildə dəstəkləyirik. Yeni dəhlizlərin açılması iqtisadi-ticarət əlaqələrimizin sürətləndirilməsi üçün mühüm alət olacaq. Bundan əlavə, bu proses bütün regiona sülh və firavanlıq gətirəcək.

Azərbaycanın siyasi rəhbərliyi daim Ermənistana ticarət-iqtisadi əlaqələr qurmağı təklif edir, çünki yalnız bu yolla regionda uzunmüddətli sabitliyə və sülhə nail olmaq olar. Dünya bazarlarına çıxış baxımından regionumuzun logistika imkanları bölgəmizin dünya üçün rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu məsələnin həllində Azərbaycanın rolu əsasdır. Çünki dənizlərə, dünya bazarlarına çıxış imkanı verən məhz bu ölkədir.

- Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Qırğızıstandan gələn turistlər Azərbaycana və xüsusən də Bakıya böyük maraq göstərirlər. Azərbaycanın müxtəlif ölkələrdən, o cümlədən qardaş Qırğızıstandan turistləri cəlb edən zəngin abidələri var. Bu baxımdan, turizm sektoruna qarşılıqlı maraq sürətlə artır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 96 minə yaxın turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini xeyli üstələyir.

Yeni dəhlizlərin açılması iqtisadi-ticarət əlaqələrimizin
sürətləndirilməsi üçün mühüm alət olacaq

- Azərbaycan iqtisadiyyatının hansı sahələri Qırğızıstan investorlarını daha çox cəlb edir? Sizin nöqteyi-nəzərinizdə ölkələrimiz arasında əməkdaşlığın ən potensial sahələri hansılardır?

- Fikrimcə, bu, Azərbaycanın son illərdə uğurla tətbiq etdiyi texnoloji, rəqəmsal, institusional sahələrdir. Biz Azərbaycandan xüsusilə e-ticarət və yeni texnologiyalar sahəsində çox şey öyrənə bilərik.

ARAYIŞ: Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 5,3 dəfə və ya 38,69 milyon ABŞ dolları artaraq 47,6 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Qırğızıstana 44,1 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 10,2 dəfə və ya 39,8 milyon dollar çoxdur. Qırğızıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 25 faiz və ya 1,16 milyon dollar azalaraq 3,49 milyon dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,1 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,09 faiz bəndi çoxdur.

Tamilla MƏMMƏDOVA