Emin Hüseynov: “Gələn il Qarabağda tikinti üzrə icra işlərinin pik dövrü olacaq”

2023.12.12 13:15 (UTC+04:00)

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkün soydaşlarımızın müvafiq qayıdış qrafiklərinə hazırda tam şəkildə riayət olunur”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. O, daha sonra bildirib:

- Bu sözləri həm Qarabağ iqtisadi rayonu, həm də digər ərazilərlə bağlı demək olar. Qarabağ iqtisadi rayonu barədə danışsaq, təxminən 70 minə yaxın insanın 2026-cı ilədək Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarına böyük qayıdışı nəzərdə tutulub. Təkcə Ağdam şəhərinə 20 min insan köçü nəzərdə tutulub. Füzuli şəhərində isə bu rəqəm təxminən 10 minə yaxın təşkil etməlidir.

Hazırda Prezident İlham Əliyev tərəfindən bir çox kəndlərin və obyektlərin təməli qoyulub. Biz həm kəndlərdə, həm də şəhər və rayon mərkəzlərində qrafiki qabaqlama rejimində fəaliyyət göstəririk. Növbəti il - 2024-cü il tikinti üzrə icra işlərinin pik dövrünə təsadüf edəcək. Demək olar ki, layihələndirmə işlərinin 80 faizi yekunlaşmaq üzrədir.

- Qarşıdan gələn növbədənkənar Prezident seçkilərində işğaldan azad olunmuş ərazilərdə seçki məntəqələrinin quraşdırılması barədə nə deyə bilərsiniz?

- Bununla bağlı səlahiyyətli qurum var. Mərkəzi Seçki Komissiyası artıq öz məlumatlarını kütləvi informasiya vasitələrinə bildirib. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə bizim məskunlaşan əhalimiz və eyni zamanda, orada çalışan insanlar var.

-Qarabağ iqtisadi rayonunda görülən işlər zamanı xarici ölkələrin şirkətləri ilə əməkdaşlığınız barədə danışmağınızı da xahiş edirik.

- Bu gün bizim əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilir.

-Hansı ölkələrlə əməkdaşlıq edirsiniz?

- Hazırda Slovakiyanın şirkətləri Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisi ilə məşğul olur. Mən bilirəm ki, Şərqi Zəngəzurda da Macarıstan şirkətləri Soltanlı kəndinin tikintisi ilə məşğuldur. Bundan başqa, müxtəlif ölkələrdən layihə şirkətləri proseslərə cəlb olunub. Biz həm də icra prosesində məsləhətçi kimi və yaxud ağıllı texnologiyanın tətbiqi baxımından müxtəlif ölkələrdən olan şirkətlərin məhsullarından yararlanırıq.

AZƏRTAC