Almaniya ilə ticarət dövriyyəsi 1,4 milyard dollara çatır

2023.12.12 12:50 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 52,4 faiz və ya 480,3 milyon ABŞ dolları artaraq 1,39 milyard dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan Almaniyaya 625 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 56,3 faiz və ya 225,2 milyon dollar çoxdur.

Almaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 49,3 faiz və ya 255 milyon dollar artaraq 772,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 3,21 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,23 faiz bəndi çoxdur.