İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 943:2023 “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Yol nişanlarına, nişanlama xətlərinə, svetoforlara dair tələblər (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) və onlardan istifadə qaydaları” yeni dövlət standartı qəbul edilib.
İnstitutdan verilən məlumata görə, bu standart Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, müasir innovativ metodları tətbiq etmək, ölkədə təhlükəsiz yol hərəkəti sistemi yaratmaq, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə və təbliğat işini təkmilləşdirmək məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlənib hazırlanıb.
Standart layihəsi bir sıra dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, həmçinin universitetlərin nümayəndələrinin iştirak etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 43) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.