ABŞ-da telefon mesajlarından vergi tutula bilər

2018.12.19 15:20 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında telefon istifadəçilərinin göndərdikləri hər mesaja görə vergi qoyulması ilə bağlı təklif geniş müzakirələrin açılmasına səbəb olmuşdur.

Təklif Kaliforniya Dövlət Xidmətləri Komissiyası tərəfindən irəli sürülmüşdür. Komissiya ştatın ərazisində telefondan istifadə etməyə imkanı çatmayacaq dərəcədə kasıb insanların da telefon xidmətindən istifadə edə bilmələrini təmin etmək üçün mənbə yaratmaq məqsədilə telefon mesajlarına əlavə vergi qoyulmasını tələb etmişdir. Müzakirələrə səbəb olan bu təklif komissiya tərəfindən gələn ay səsverməyə təqdim ediləcək. Kaliforniyada nəşr edilən "The Mercury News" qəzetinin xəbərinə görə, Kaliforniyadakı çoxlu sayda biznes, bələdiyyə və ticarət qurumları bu qərara qarşı çıxaraq belə bir verginin istehlakçılara hər il 44,5 milyon dollar əlavə xərcə başa gələcəyini bildirmişlər.
Telefon mesajlarından nə qədər vergi alınacağı isə hələlik açıqlanmamışdır.