Avstriyanın paytaxtı Vyana şəhərində Müştərək Vyana İnstitutu tərəfindən (JVI) “Korrupsiyaya qarşı mübarizə üzrə institutların yaradılması” mövzusunda təlim keçirilib. Beynəlxalq Valyuta Fondunun təmsilçilərinin, Albaniya, Bosniya və Herseqovina, Qazaxıstan, Kosovo, Qırğızıstan, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Tacikistan və Ukrayna kimi ölkələrdən ümumilikdə 200-ə yaxın nümayəndənin qatıldığı tədbirdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev də iştirak edib.
“Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə” mövzusunda təqdimatla çıxış edən N.Əliyev ölkəmizin antikorrupsiya strategiyası, mövcud qanunvericilik aktları, korrupsiyaya qarşı mübarizə, habelə “ASAN xidmət” təcrübəsi barədə ətraflı məlumat verib.
Təlim proqramında iqtisadi sahədə korrupsiyaya qarşı mübarizənin bir sıra istiqamətləri, dövlətlərin antikorrupsiya strategiyası, dövlət maliyyə sistemi, mədən sənayesi, pul vəsaitləri və borcların idarəçiliyi və s. kimi aktual mövzular müzakirə olunub. Təlim çərçivəsində xarici ölkələrin korrupsiyaya qarşı mübarizə tədbirlərini özündə əks etdirən təqdimatlar diqqətə çatdırılıb.