Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanının akkreditasiyası yenilənib

2023.12.08 14:23 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Uyğunluğun qiymətləndirilməsi departamentinin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı AZ 02.0073.01.23 nömrəli yeni akkreditasiya attestatı əldə edib.

İnstitutdan verilən məlumata görə, yeni akkreditasiya attestatının əldə edilməsi ilə AZSTAND-ın Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı həm fəaliyyət sahəsinə yeni sahələr əlavə edib, həm də mövcud akkreditasiya sahəsi üzrə yenidən akkreditasiyadan keçib.

Belə ki, Uyğunluğun qiymətləndirilməsi departamentinin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kənd təsərrüfatı, qida, maşınqayırma sahəsi, yüngül sənaye, neft-kimya sənayesi, tikinti, tibbi məhsulların və vasitələrin, rabitə-elektrik avadanlıqları və vasitələrinin və həmçinin xidmət sahələrinin sertifikatlaşdırılması üzrə akkreditasiya olunub.

Sahibkarlıq fəaliyyətinin inkişafı və genişlənməsi, beynəlxalq tələblərə cavab verən ixracyönümlü məhsulların istehsalı, ölkədə qeyri-neft sektorunun davamlı inkişafına nail olunması, yerli məhsulun xarici bazarlara maneəsiz çıxışının asanlaşdırılması, habelə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, istehlakçılarda malların (işlərin, xidmətlərin) keyfiyyətinə dair etibarın formalaşdırılması və istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi sahələrində sertifikatlaşdırmanın müstəsna rolu var.

AZSTAND-ın Uyğunluğun qiymətləndirilməsi departamentinin Məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı sahibkarları, təsərrüfat subyektlərini məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması üçün əməkdaşlığa dəvət edir.