Hazırda Özbəkistana gül ixracı üçün işlər aparılır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri (GİİİA) Cavid Axundov deyib.
Onun sözlərinə görə, dekabr ayının sonunadək ixracın reallaşdırılması üçün Özbəkistana növbəti səfərin edilməsi nəzərdə tutulur: “İndi Azərbaycan-Özbəkistan münasibətləri çox yaxşı səviyyədədir. Özbəkistana yeni səfərimiz zamanı gül satışı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşəcəyik”.
C.Axundov hesab edir ki, güllərin bütün ölkələrə ixracı səmərəli deyil: “Elə ölkələr var ki, özünün yerli istehsalı kifayət qədərdir. Elə ölkələr olur ki, logistik baxımdan oraya gül ixrac etmək baha başa gəlir. Logistika xərclərinin bahalığı bizim həmin ölkələrin bazarlarındakı rəqabətimizi zəiflədir”. Bu baxımdan Azərbaycana yaxın olan Rusiyaya, eləcə də Yaxın Şərq ölkələrinə ixracın həyata keçirilməsi ölkəmiz üçün daha münasib sayılır.
Assosiasiya sədri Azərbaycandan ixrac edilən əsas gülün qızılgül olduğunu söyləyib. Əlavə edib ki, il ərzində Azərbaycanda təxminən 12-13 milyon ədəd qızılgül yetişdirlir. Hazırda həmin güllərin çox az faizi ixraca, 95 faizindən çoxu yerli tələbatın ödənilməsinə yönəldilir.