Çinlə Azərbaycan arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb

2023.12.07 17:11 (UTC+04:00)

Cari ildə Çinlə Azərbaycan arasında dəmir yolu nəqliyyatı ilə yük dövriyyəsi artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu barədə “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin nümayəndə heyəti arasında keçirilən görüşdə qeyd edilib.

İdxal daşımalarda ötən ilin analoji dövrü ilə müqayisədə 549 faiz, ixrac daşımalarda isə 331 faiz artım müşahidə olunduğu bildirilib. Ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında dəmir yolu nəqliyyatı ilə yük daşımaları 47 faiz artıb.

Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yüklərin daha sürətlə və təhlükəsiz daşımaları, o cümlədən əlavə yüklərin cəlb olunması istiqamətində məhsuldar müzakirələr aparılıb. Belə ki, hər iki ölkənin gömrük və sərhəd məntəqələrində qatarların operativ yoxlanılaraq mənzil başına yola salınması, konteyner qatarlarının gündəlik təhvil-təslim qabiliyyəti, lokomotivlərin yerdəyişmə prosesi, yüklərin və vaqonların təhvil-təslim edilməsi və digər sahələrdə görülən yeniliklərdən danışılıb. Bildirilib ki, Azərbaycanda tranzit-logistika prosesində iştirak edən qurumların məlumat mübadiləsini və işlərinin koordinasiyasını təmin edən İşçi qruplarının yaradılması ilə son aylarda yaranmış multimodal daşımalar üzrə tələblər qarşılanmış və tranzitin artırılmasına imkan yaradılıb.