"KOB klaster şirkətləri"nin əsasnaməsi hazırlanır

2019.06.27 15:43 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"nin layihəsi üzərində iş gedir. Agentlikdən bildirilib ki, dövlət başçısının "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında bununla bağlı tapşırıq verilib. Həmin tapşırığa əsasən, "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə" və "KOB klaster şirkəti"nin meyarları təsdiq edildikdən sonra "KOB klaster şirkəti"nin yaradılması istiqamətində tədbirlər görüləcək.

Xatırladaq ki, Vergilər Nazirliyi artıq "KOB klaster şirkəti"nin meyarlarını təsdiq edib. Həmin meyarlara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna edilməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış vergi ödəyiciləri "KOB klaster şirkəti" kimi fəaliyyət göstərə bilərlər. Belə şirkətlər həyata keçiriləcək "KOB klaster" layihəsi çərçivəsində "KOB klaster şirkəti"nin qarşılıqlı asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50 faizinin klaster iştirakçılarından təchiz olunmasını təmin etməlidirlər. Həmin şirkətlərin nizamnaməsində əhəmiyyətli qərarların Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə razılaşdırmaqla yerinə yetirməli olduğu əskini tapmalıdır.

"KOB klaster şirkəti"nin fəaliyyət sahəsi aşağıdakı 3 istiqamətdən birinə uyğun olmalıdır:

  1. Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması;
  2. İstehlakın 50 faizdən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması;
  3. Qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi.

Meyarlarda "KOB klaster şirkəti"nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi də müəyyən edilib. Bakı şəhərində (Bakıətrafı qəsəbələr istisna olmaqla) fəaliyyət göstərən şirkətlər üçün bu məbləğ 5 milyon manat, Bakıətrafı qəsəbələr və Abşeron rayonu üçün 3 milyon manat, Sumqayıt və Gəncə şəhərləri üçün 2,5 milyon manat, digər şəhər və rayonlar üzrə 1,5 milyon manat nəzərdə tutulub. Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları üzrə bu məbləğ 0,5 milyon manat təşkil edəcək. Həmin regionlarda "KOB klaster şirkəti" statusunu almaq üçün şirkətlərdən fəaliyyət sahələrinə dair tələblər üzrə nəzərdə tutulan meyarlara cavab vermələri tələb olunmur.

Qeyd edək ki, 2018-ci il noyabrın 30-da təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Qanunda bu sahə üzrə bir sıra vergi güzəştləri müəyyən edilib: KOB-ların fəaliyyətinə dəstək göstərən klaster şirkət 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azaddır.

Fərqanə ALLAHVERDİQIZI