Onun sözlərinə görə, süni intellektin imkanlarından daha çox satış, istehsal, təhlükəsizlik, biznes analizi və marketinq kimi sahələrdə istifadə olunur.
“Bu gün süni intellekt əlverişli biznes alətinə çevrilir. Hər hansı biznes qurularkən effektiv biznes planının hazırlanması və bunun üçün də güclü bazar analizinin aparılması lazım olur. Gəlirliliyin maksimallaşdırılması və xərclərin optimallaşdırılması məqsədilə müxtəlif sahələrdə fərqli metodlar və əməliyyatlar tətbiq edilə bilər. Bu metodların araşdırılması və nəticəyə çıxmaq uzun müddət və ciddi təhlil tələb edir. Süni intellekt isə, hələ ki, insan mühakiməsinə qadir olmasa da, geniş məlumat bazasına və böyük həcmdə məlumatların qısa müddətdə qanunauyğun şəkildə analizinə görə insan beynindən dəfələrlə sürətli əməliyyatlar apara bilir. Buna görə də, düşünürəm ki, sahibkarlar, o cümlədən yeni fəaliyyətə başlayan bizneslər süni intellektin istifadəsi nəticəsində zaman, təhlilin keyfiyyəti və dəqiqliyi barədə ciddi üstünlüyə malik ola bilərlər. Misal olaraq, istehsalçı hansı məhsul istehsal edəcəyini və ya istehsal etdiyi məhsulun bazara necə təsir edəcəyini və bazar şəraitində nə qədər uğurlu olacağını bilmək istəyir. Bütün bu məlumatların təhlili uyğun məlumat bazalarından istifadə etməklə süni intellektin istifadəsi nəticəsində qısa zamanda və keyfiyyətli şəkildə əldə oluna bilər. Gəlirliliyin artırılması, məhsulun hansı bazarlarda istifadə ediləcəyi, istehsal zamanı istifadə olunan məhsulların hansı formada, necə və nə zaman istifadə edilməsi barədə məlumatlar ümumiləşdirilir, sistemləşdirilir ki, bu da istehsal etmək üçün hansı maliyyə vəsaitlərinə tələbin olduğunu müəyyən etməyə tez zamanda imkan yaradır”, - deyə M.Babayev əlavə edib.
Süni intellektin mühasibatlıq sahəsində tətbiqinə gəlincə, ekspert hesab edir ki, o, artıq bu sahədə çalışanlar üçün də gündəlik həyatın bir hissəsinə çevrilir.
“Süni intellekt uçot və təsərrüfat subyektlərinin resurslarının idarə edilməsi sahəsində lazım olan effektiv məlumatı əldə etmək üçün çox yaxşı bir vasitədir. Uçot sahəsində avtomatlaşdırma proseslərinin sürətləndirilməsi və daha effektiv səviyyəyə gətirilməsi üçün süni intellektin texniki məsləhət xarakterli dəstəyi, hazırda istifadə olan mühasibat uçotu proqramlarının biznes sahələrinin sektoruna uyğunlaşdırılmasında texniki dəstəyindən istifadə oluna bilər. Lakin süni intellektə müraciət formasından da çox şey asılıdır. Verilən sual, istək, o cümlədən problemin izahı o dərəcədə təkmil və əhatəli olmalıdır ki, süni intellekt onu daha yaxşı "anlasın" və öz məlumat bazasını ümumiləşdirib, optimallaşdıraraq daha yaxşı cavab təqdim etsin. Əldə edilən cavabları təsərrüfat fəaliyyətinin formalaşmasında istifadə etmək olar. Yəni süni intellekt bu gün ümumiləşdirilmiş və maksimum səmərəli informasiyaverici tərəf kimi artıq məşhurlaşıb”, - deyə M.Babayev qeyd edib.