Albaniyanın Korça şəhərinin qazlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

2023.12.05 16:37 (UTC+04:00)

Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması müzakirə olunub.

Energetika Nazirliyindən verilən məlumata görə, qeyd olunan məsələyə Dubayda COP28 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Albaniyanın Baş nazirinin müavini - infrastruktur və energetika naziri Belinda Balluku arasında keçirilən görüşdə toxunulub.

Tərəflər Komissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələni də nəzərdən keçiriblər.

Görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib. Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub. Albaniyanın Korça şəhərinin qazlaşdırılması, xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.