Belarus Baş nazirin müavini İqor Petrişenko Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyevlə Belarusdakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə işgüzar görüş keçirib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Belarus mətbuatında istinadən xəbər verir ki, görüşdə Belarus-Azərbaycan əməkdaşlığının cari məsələləri müzakirə edilib, siyasi təmasların müsbət dinamikası, bütün səviyyələrdə və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın konstruktiv xarakteri qeyd edilib.
Tərəflər iki ölkə arasında ticarət-iqtisadi və inteqrasiya qarşılıqlı fəaliyyətini daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Birgə ikitərəfli tədbirlərin, o cümlədən 2024-cü ilin əvvəlində ticarət-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının və Azərbaycanın Baş nazirinin Belarusa cavab səfərinin hazırlanmasına xüsusi diqqət yetirilib. Belarus və Azərbaycan arasında əməkdaşlığın 2025-ci ilə qədər inkişafına dair yol xəritəsinin hazırlanması da müzakirə olunub.