İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində həyata keçirilən islahatların başlıca istiqamətlərindən biri də vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsinə yönəldilib. Vergi ödəyiciləri üçün daha üstün xidmət standartlarının tətbiqi, vətəndaş məmnunluğunun artırılması və xidmətlərin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Məlum olduğu kimi, Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində xidmətlərin göstərilməsi zamanı növbəlilik prinsipi tətbiq edilir. Bununla yanaşı, bir sıra kateqoriyalardan olan vətəndaşlara vergi xidmətləri göstərilərkən növbədə üstünlük tətbiq edilir. Belə ki, şəhid ailəsinin üzvləri, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, müharibə veteranları, əlilliyi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, Vətən müharibəsi iştirakçıları, hamilə qadınlar, əmək pensiyası hüquqlarının yaranması yaşına çatmış şəxslər Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etdikdə onlara növbədə üstünlük verilməklə, yəni növbədə gözlədilmədən xidmətin göstərilməsi təmin edilir. Bu kateqoriyalara aid vətəndaşların növbə gözləmədən xidmət əldə etmələri üçün müvafiq təsdiqedici sənədlərin olması kifayətdir.