Azərbaycanlı startapçının layihəsi Türkiyə, Gürcüstan və Orta Asiyada tətbiq ediləcək

2023.12.05 10:36 (UTC+04:00)

Azərbaycanda elektron ticarət sahəsində daha bir yeniliyə imza atılıb. Bu istiqamətdə yeni layihəsini icra edən "BonPara” MMC maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyaları olan elektron ticarət platformasını hazırlayaraq istifadəçilərinə təqdim edib. Platformanın əsas istifadəçiləri yaradıcı şəxslər - bloqerlər, proqramçılar, dizaynerlər, fotoqraflar və s. hesab olunur. MMC-nin direktoru və layihə rəhbəri Orxan Əhmədovun sözlərinə görə, xaricdə belə şəxslər ya sosial media platformaları ilə əməkdaşlıq edərək pul qazanırlar, ya da izləyiciləri dəstək olaraq, onlara müəyyən qədər vəsait ödəyirlər.

Ancaq Azərbaycanda bu insanlar öz yaradıcı məhsullarını internetdə pulsuz paylaşırlar. O.Əhmədov qeyd edib ki, həmin şəxslərin gəlirlərini artırmaq məqsədilə “BonPara” şirkəti “kofe.al” layihəsi üçün startap şəhadətnaməsi alıb. Layihənin əsas məqsədi elektron ticarət üçün sürətli və bəsit həllər təqdim etməkdir: “Daha ətraflı desək, kompleks elektron ticarət platforması vasitəsilə bir məhsulun sosial şəbəkələr üzərindən rahat tanıtımı və sürətli satışı həyata keçirilir. Hədəf istifadəçilərimiz internetdə faydalı kontent yaradan rəqəmsal yaradıcı şəxslər, frilanser və influenserlərdir. Məhz buna görə də biz “kofe.al” layihəsini istifadəyə vermişik”.

Startapçı bildirib ki, “kofe.al” layihəsinin ABŞ və Avropada analoqları mövcuddur, lakin azərbaycanlı yaradıcı şəxslər həmin həllərdən istifadə etmək istədikdə yüksək komissiyaların mövcudluğundan əziyyət çəkir, yerli müştərilər isə həmin platformalardan nə isə sifariş etmək istədikdə əlavə ƏDV ödəməli olurlar. “Kofe.al” layihəsi vasitəsilə isə yaradıcı şəxslər paylaşdıqları faydalı kontenti monetizasiya edə bilirlər. Bunun üçün onlara virtual kofe almaqla dəstək olmaq mümkündür. Burada kofe, sadəcə, bir metaforadır və real kofeni əks etdirmir. İstənilən halda yaradıcı şəxslər “kofe” ifadəsini istədikləri digər kəlmələrlə də əvəz edə bilərlər. Hazırda platformada mindən çox yaradıcı şəxs qeydiyyatdan keçərək, öz pərəstişkarlarının fəaliyyətinə dəstək ola bilir. Lakin layihənin əsas məqsədi, eyni zamanda, yaradıcı şəxslərə öz işlərini rahat satmaq imkanını təqdim etməkdir. Şirkətin asanlaşdırılmış e-ticarət həlli ilə yaradıcı şəxslər həm öz kontentlərinə maliyyə dəstəyi ala, həm də rəqəmsal məhsul (proqram təminatı, dizayn, elektron kitab və s.) və xidmətlər (konsultasiya, dizayn işləri və s.) sata bilərlər: “Layihə üzərində bir ilə yaxındır ki, işləyirik. Artıq test səviyyəsindən tam işlək mərhələyə keçdiyimiz üçün startap şəhadətnaməsi almaq qərarına gəldik. Bu, bizə xidmət komissiyasını aşağı saxlamağa, platfomanın potensial müştəri və istifadəçilər üçün daha cəlbedici olmasına kömək edəcək. Xidmət haqlarımızı aşağı sala biləriksə, bu, satıcı kimi platformamızdan istifadə edəcək şəxslərin də qiymətləndirmə strategiyasında nəzərə çarpacaq”.

O.Əhmədov əlavə edib ki, startap şəhadətnaməsinə malik olmaq startapın tanınması və etibarlılığını artıra bilər. Bu, investorlara, tərəfdaşlara və müştərilərə biznesin müvafiq orqanlar və ya təşkilatlar tərəfindən tanındığını və dəstəkləndiyini bildirir: “Bundan başqa, qənaət etdiyimiz vəsaitləri layihənin inkişafı və böyüməsinə yönləndirməyi planlaşdırırıq ki, bununla da işimizin effektivliyini və faydalılığını artırmış olacağıq. Bu, həm yeni xidmətlərimizi ilkin mərhələdə endirimli və ya tamamilə ödənişsiz etmə imkanı verəcək, həm də oxşar və rəqib layihələrin fonunda daha cəlbedici görünməyimizə xidmət etmiş olacaq”.

Startapçının sözlərinə görə, hazırda layihələri Azərbaycan bazarında işləyir və böyüməyə davam edir. Yaxın həftələrdə isə eyni layihə ilə Türkiyə bazarında fəaliyyətə başlamaq fikrindədirlər: “Gördüyümüz iş baxımından Türkiyə bazarı bizim üçün çox cəlbedicidir. Azərbaycanla müqayisədə Türkiyə bazarında həm elektron ticarətin inkişafı, həm də yaradıcı şəxslərin fəaliyyəti qat-qat sürətli və çoxdur. Gələn il isə Gürcüstan və Orta Asiya bazarlarına çıxmağı planlaşdırırıq. Biz indidən həmin bazarlardakı yaradıcı şəxslərlə əlaqələr qurur, sistem dili və texniki testlər aparırıq. Məqsədimiz regionda yaradıcı şəxslər üçün elektron ticarət və “finTech” həlləri verən aparıcı şirkətə çevrilməkdir. Layihəmiz 2023-cü ilin əvvəlində öndə gedən akselerasiya mərkəzlərinin birinə, yəni “500 Global”a qəbul edilərək 100 min ABŞ dolları yatırım alıb. Biz bu vəsaitlə layihə üzərində işləyərək, onu ərsəyə gətirmişik. Bundan sonra yuxarıda qeyd etdiyim bazarlara açılmaq üçün növbəti bir il ərzində təxminən bir milyon dollar yatırım cəlb etməyi planlayırıq. Artıq bu istiqamətdə işlərə başlamışıq və həm yerli, həm də planlaşdırdığımız bazarlardakı yatırım şirkətləri ilə əlaqələr qururuq. Aldığımız yatırımın bir hissəsini yeni bazarlarda ekspansiya, digər hissəsini isə komandanın və xidmətlərin genişləndirilməsi istiqamətində istifadə etməyi planlaşdırırıq”.

İlhamə İSABALAYEVA