Əmək yarmarkası keçirilib

2019.06.27 14:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Xəzər rayonunun sakinləri üçün təşkil edilən yarmarkada 15 dövlət və özəl müəssisə üzrə 584 vakant iş yeri təqdim edilib. Yarmarkanın keçirilməsində məqsəd qeyd olunan rayonu üzrə işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatıdır.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.