Elşad Nuriyev: “Sənaye parkları yaradılarkən sahibkarların təhlükəsiz və rahat fəaliyyəti nəzərə alınıb”

2023.11.30 16:17 (UTC+04:00)

“İşğaldan azad edilmiş ərazilərdə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılarkən ilk növbədə sahibkarların təhlükəsiz və rahat fəaliyyət göstərmələri nəzərə alınıb”.

Bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bu gün “Gülüstan” sarayında keçirilən Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sənaye Təhlükəsizliyi Zirvəsi 2023” adlı tədbirdə çıxışı zamanı bildirib.

O əlavə edib ki, bu sənaye parklarının ərazilərində minalar və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi həddindən artıq yüksək idi. Artıq bu ərazilər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən tam olaraq təmizlənib: “Hazırda bu sənaye parklarında rezidentlər üçün infrastruktur qurulur, bir neçə müəssisənin isə tikintisi gedir”.

E.Nuriyevin sözlərinə görə, İZİA-nın idarəçiliyində olan sənaye zonalarında müəssisələrin inşası zamanı tikinti prosesində təhlükəsizlik qaydalarının gözlənilməsi prioritet məsələlərdən hesab edilir. Fəaliyyətə başlayan müəssisələrdə müasir tələblərə cavab verən qabaqcıl texnologiyaların tətbiqi, əməyin mühafizəsi qaydalarına riayət edilməsi isə istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısını alır: “Onu da qeyd edim ki, sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tam olaraq ekoloji standartlara cavab verir”.