“Açıq bankçılıq” maliyyə inklüzivliyini artıracaq

2023.11.30 15:58 (UTC+04:00)

“Açıq bankçılıq” maliyyə inklüzivliyini artıracaq”. Bunu Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov “Açıq bankçılıq və API qaydaları: Təhlükəsiz məlumat paylaşımını və ödəniş innovasiyasını təmin etmək” adlı paneldə çıxışı zamanı bildirib.

Baş direktorun sözlərinə görə, bu gün Azərbaycan Mərkəzi Bankı kibertəhlükəsizlik aspektlərini necə gücləndirməyi düşünür: “Hazırda Azərbaycanda “açıq bankçılıq” mövcuddur və bunun hüquqi fundamenti var. Qeyd edim ki, bu ay ödəniş sistemlərinə dair qanun qəbul edildi”.

F.Osmanov onu da qeyd edib ki, “açıq bankçılıq” anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər.

“Eyni zamanda, müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər. “Açıq bankçılıq” prinsiplərinə görə, banklar müştəri məlumatlarının saxlanılması qismində iştirak etməklə, yalnız bank müştərilərinin icazəsi müqabilində maliyyə məlumatlarının etibarlı yol ilə 3-cü tərəf rəqəmsal platformalarda görünməsini və əməliyyat apara bilmələrini təmin edir”, - deyə F.Osmanov vurğulayıb.

AZƏRTAC