Növbəti on il ərzində böyük sərmayə qoyuluşu planlaşdırılır

2023.11.30 10:54 (UTC+04:00)

Sahibkarlığın inkişafı iş yerlərinin açılması, sərmayə qoyulmasının asanlaşdırılması üçün imkanlar yaradır.

Bu barədə Bakıda keçirilən “InMerge Innovation Summit”də iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, növbəti on il ərzində böyük sərmayə qoyuluşu planlaşdırılır: “Bu, bazarda innovasiyalara daha geniş imkan yaradacaq, ÜDM-ə öz təsirini göstərəcək. Əsas fokusumuz yeni bizneslərin yaradılması olacaq. Biz rəqəmsal savadlılığın artırılmasına nail olacağıq, əməkdaşlığımız, əsasən, rəqəmsal ticarətin yaradılması istiqamətindədir. Süni intellektin imkanlarından istifadə edərək investisiya qoyuluşunu daha effektiv istifadə etməyə çalışacağıq".

E.Əliyev onu da əlavə edib ki, İqtisadiyyat Nazirliyi növbəti bir neçə ildə effektiv tədbirlərin görülməsini planlaşdırır: “Bunlardan birincisi rəqəmsal bacarıqların yaradılmasıdır. “Rəqəmsal əkizlər” texnologiyalarına yaxından nəzarət edirik. Bu sahəni inkişaf etdirməklə öz dövlətimizə dəyər gətirmiş olacağıq. İqtisadiyyatların dayanıqlılığı üçün innovasiyaların gücündən daha geniş istifadə edəcəyik ki, cəmiyyətin rifahını təmin etmiş olaq”.

AZƏRTAC