“Saxta xəbərlər” kimi tanınan dezinformasiya rəqəmsal məkanda davamlı təhlükə mənbəyidir. Xüsusilə sosial media platformalarında onun yayılması həm istifadəçilər, həm də sosial şəbəkələrdə səhifələri idarə edənlər üçün ciddi problemlər yaradır ki, bu da qlobal müstəvidə ciddi müzakirə mövzusudur. Bir müddət əvvəl Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən "Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması" mövzusunda keçirilmiş onlayn seminar IOTA-ya üzv ölkələrin nümayəndələrinə dezinformasiya təhdidlərinin müəyyən edilməsi və onların müvafiq vergi administrasiyalarında effektiv şəkildə azaldılması ilə bağlı təcrübə və fikirlərini bölüşmək imkanı təqdim etdi. Vebinar iştirakçıları, həmçinin, sosial media kanalları (Facebook, Instagram, Twitter/X) və vergi inzibatçılığında yalan məlumatların yayılması üçün ən çox istifadə olunan mobil mətn mesajları kimi kanalları müzakirə etdilər. Müzakirələrin nəticəsi olaraq məlum oldu ki, dezinformasiya təhdidləri ilə mübarizə zamanı vergi kommunikasiyası mühitində mövcud və ən aktual problemlərdən biri vergi orqanlarının təmsilçiləri arasında rəqəmsal savadın və təcrübənin yetərincə olmaması və dezinformasiyadan müdafiə sisteminin qurulması üçün müvafiq strategiyanın yoxluğudur ki, bu da bu təhdidin geniş yayılmasına yol açır. Bu problemlə, hələ ki, bütün vergi sistemləri üzləşməsələr də, əslində proaktiv davranaraq əvvəlcədən bəzi tədbirlərin görülməsi məqsədəuyğun olar. Məsələn, bu sahədə Litva təcrübəsinə nəzər salaq. Burada 12 milyon avro vəsaitin 8000 maliyyə fırıldaqçılığı hadisəsi nəticəsində əldə edildiyi qeydə alınıb. 3500 fişinq faktı nəticəsində isə 2 milyon avro əldə edilib.
Vergi orqanları adından göndərilən mesajlar
Litvada aparılmış sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin 43 faizi və ya 10 nəfərdən 4-ü maliyyə fırıldaqçılığı ilə üzləşib və ya bu hadisə ilə üzləşmiş kimisə tanıyır. 10 nəfərdən 1-i bu cür hadisədən zərər çəkdiyini, respondentlərin 25 faizdən çoxu isə ailəsində və ya yaxınlarında bu hadisə ilə üzləşən və vəsait itirən birini tanıdığını qeyd edib.
Litva və Şimali Avropa ölkələri son zamanlar rəqəmsal hücumlarla tez-tez üzləşdikləri üçün müxtəlif tədbirlər görməyə başlayıblar. Litvada saxtakarların gəlir vergiləri üzrə hesabatın təqdim edildiyi vaxt daha çox aktivləşdiyi müşahidə olunur. Vergi orqanları ilə vergi ödəyiciləri arasında əlaqələrin bu dönəmdə intensivləşdiyini nəzərə alan saxtakarlar bu yolla daha inandırıcı görünməyə çalışırlar. Beləliklə də, vergi ödəyiciləri özünü vergi orqanı kimi təqdim edən qondarma hesablardan mesajlar alırlar. Bu mesajlarda göndərilən linkə daxil olmaqla artıq ödənilmiş vergiləri geri almaq, vergi orqanından daxil olmuş mesajı oxumaq üçün linkə klikləmək, vergi ödəyicisi üçün hesablanmış cəriməni linkdəki təlimata uyğun ödəmək istənilir. Maraqlıdır ki, bu mesajlar olduqca peşəkarcasına hazırlanır və real görüntü yaradır. Kibercinayətkarlar vergi orqanının informasiya kanallarını da məharətlə imitasiya edirlər. Belə ki, Litvanın Dövlət Vergi Müfəttişliyi vergi ödəyiciləri ilə əlaqə saxlamaq üçün SMS-dən yararlanır. Kibercinayətkarlar da eynilə bu tip mesajlardan istifadə edərək məqsədlərinə nail olmaq istəyirlər. Onlar inandırıcı görünən elektron məktublar da göndərir və burada vergi orqanının bütün məlumatlarını (imza, əlaqə vasitələri, şəxsin adı və s.) qeyd edirlər. Bu isə nəticədə vergi orqanının işgüzar nüfuzu üçün ciddi təhdidlər yaradır.
Dezinformasiya ilə mübarizə metodları
Belə hallarla mübarizə üçün Litvanın Dövlət Vergi Müfəttişliyi dərhal hərəkətə keçməklə daxili və xarici kommunikasiya planı hazırlayır və zərərin qarşısını ala bilir. İlk növbədə vergi ödəyicilərini məlumatlandırmağa və təhlükəsizlik tədbirlərini gücləndirməyə üstünlük verilir. Daxili kommunikasiyanı gücləndirməklə saxta mesajlarla mübarizə üçün məsul şəxslər müəyyən edilir və belə bir xəbər daxil olan zaman dərhal aidiyyəti üzrə yönləndirilir. Xarici kommunikasiyada isə vergi orqanı vergi ödəyiciləri ilə əlaqələrin metodları və məzmunu barədə məlumatlar yayımlayır. Burada istifadə edilən domenlər, şübhəli domenlərin fərqləndirilməsi yolları aydın şəkildə izah edilir və bildirilir ki, vergi orqanı link göndərmir. Həmçinin, şübhəli mesajlar və zənglər daxil olan zaman təhlükəsizliyi təmin edən kommunikasiya metodları barədə məlumat yerləşdirilir, media kanalları məlumatlandırma işinə cəlb edilir. Bundan başqa, aidiyyəti üzrə qurumlarla müştərək layihələrin reallaşdırılması da faydalı metod kimi istifadə edilir. Məsələn, Litva Bankı maliyyə dələduzluğu ilə mübarizə təşəbbüsünə qoşularaq vergi orqanları ilə birlikdə məlumatlandırma kampaniyası həyata keçirib:
(https://www.youtube.com/watch?v=X1WHa8OO1gQ)
Effektiv metodlar vergi orqanlarının nüfuzunu yüksəldir
Vergi ödəyiciləri ilə ikitrərəfli əlaqələrin gücləndirilməsi məlumatlılığın artırılmasına xidmət edir və əhəmiyyətli nəticələr verir. Media kanallarının məlumatlandırma işinə cəlb edilməsi informasiyanın daha geniş auditoriyaya çatdırılması baxımdan faydalıdır. Görülən işlər vergi orqanlarının nüfuzunu artırmaq və cəmiyyətdə vergi işçiləri ilə bağlı təsəvvürləri yeniləmək üçün fürsət rolunu oynayır. Çünki görülən tədbirlər nəticəsində vergi administrasiyası bu hadisələrin qurbanı kimi deyil, əksinə, vergi ödəyicilərinin hüquqlarını və maliyyə resurslarını qorumağa çalışan həmkar kimi tanınır. Vergi ödəyicisinin əleyhinə olan hadisələrə dərhal müdaxilə etmək, onları maarifləndirmək və məlumatlı olmaları üçün tez-tez xatırlatmalar göndərmək müsbət nəticələr verir. Elə aparılmış sorğunun nəticələrindən də aydın olur ki, insanların bu sahədə məlumatlılığı artıb.
Müasir dövrdə maliyyə resurslarının etibarlı şəkildə qorunmasına ciddi ehtiyac yaranıb. Rəqəmsal həllər vasitəsilə bu prosesi idarə etmək və effektiv nəticələr almaq mümkündür. Buna görə də qabaqcıl mexanizmlərin mənimsənilməsi və tətbiqi, o cümlədən bu sahədə təcrübə mübadiləsi mühüm xarakter daşıyır.
Gülay NƏBİYEVA