Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən həm müvafiq dövlət orqanları, həm də vətəndaş cəmiyyəti institutları ilə birlikdə müntəzəm tədbirlər həyata keçirilir.
Bu baxımdan İqtisadiyat Nazirliyinin 20 iyul 2023-cü il tarixli əmri ilə “İqtisadiyyat Nazirliyində 2023-cü ilin ikinci yarımilliyi üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alnması planı” təsdiq edilib. Həmin planda sahibkarlıq fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə uyğun və şəffaf həyata keçirilməsi, hüquq və vəzifələrin tam mənimsənilməsi, vergidən yayınma və vergi hüquqpozmaları hallarına yol verilməməsi üçün vergi ödəyiciləri ilə aparılan müvafiq maarifləndirmə və təşviqat işlərinin səmərəliliyinin artırılması, vergi orqanı əməkdaşlarında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə mövzusunda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Belə tədbirlər çərçivəsində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması əməllərinin aşkar olunması və istintaqının aparılmasında səmərəliliyinin artırılması” mövzusunda təlim təşkil olunub.
Təlimdə DVX-nin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev iştirak ediblər. Tədbirdə VCİABİ-nin 30-dan çox əməkdaşı iştirak edib, dinləyicilərin korrupsiya ilə mübarizə, vergidən yayınma əməlləri barədə sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.