Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır

2023.11.29 10:14 (UTC+04:00)

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə İşçi qrupunun Bakıda keçirilən iclasında Orta Dəhlizin perspektiv imkanları, onun fəaliyyətinin genişləndirilməsi, o cümlədən 2024-cü il üzrə tarif siyasətinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları, liman şirkətləri və digər tərəfdaşların birgə qatıldığı görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını daha da təkmilləşdirmək baxımından qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi geniş müzakirə olunub.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyasının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirilib. Belə ki, əməkdaşlığın yeni formatının müəyyən edilməsi, tarif siyasətinin bazar tələbatına uyğun formalaşdırılması, alternativ marşrutlarla müqayisədə Orta Dəhliz üzrə qiymət və daşıma şərtlərinin optimallaşdırılması, dəhlizin beynəlxalq müstəvidə marketinq fəaliyyətinin düzğün formalaşdırlması və s. istiqamətlərdə atılması zəruri olan addımlar nəzərdən keçirilib.

Hazırda Orta Dəhlizin funksionallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası hazırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır, ən yaxşı təcrübələr öyrənilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il nöyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon tondan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.