Dünya Bankı Orta Dəhlizin inkişafını dəstəkləməyə hazırdır

2023.11.27 17:22 (UTC+04:00)

Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) boyunca yerləşən ölkələrin hökumətlərinin və digər çoxtərəfli təşkilatların tərəfdaşlığı ilə marşrutun inkişafına dəstək göstərməyə hazırdır.

Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani deyib.

"Yeni məlumatlarımız göstərir ki, Orta Dəhliz həm həyat qabiliyyətlidir, həm də marşrut boyu yerləşən ölkələrin iqtisadiyyatları üçün mühüm əhəmiyyət kəsb edə bilər", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Qazaxıstan digər ölkələrlə birlikdə dəhlizin təşviqi ilə bağlı baxışlarının razılaşdırılmasında mühüm irəliləyişə nail olublar.

Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa İttifaqı ölkələrinin konteynerlərlə dəmir yolu yükdaşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

"Trend"