İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC 10027:2023 “İnformasiya texnologiyası — İnformasiya resursları lüğət sisteminin (İRLS) strukturu” yeni dövlət standartı qəbul edilib.
İnstitutdan verilən məlumata görə, standartda informasiya lüğət sistemi adlanan ixtisaslaşmış informasiya sistemini təyin edən bir sıra beynəlxalq standartlar üzrə struktur əks olunub. Dövlət standartının məqsədi müəssisələrin informasiya ehtiyatlarına nəzarət etmək və sənədləşdirmək üçün istifadə olunan informasiya resurslarının lüğət sistemini və İRLS ilə əlaqəli verilənlər səviyyəsini müəyyən etməkdir.
Standart, həmçinin, beynəlxalq standartlar tərəfindən müəyyən edilən məlumat məzmununun növlərini təyin edir. Yeni dövlət standartı Texniki Komitə (AZSTAND:TK05) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.