Bakıda SPECA həftəsi çərçivəsində Rəhbər Şuranın 18-ci iclası keçirilib.
İclasın açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov 32 il öncə müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrdən başlayaraq beynəlxalq birliyin, o cümlədən BMT-nin fəal və dinamik üzvünə çevrildiyini vurğulayıb. Bu il Azərbaycanın sədrlik etdiyi SPECA-nın önəminə toxunan nazir proqramın regionun inkişafına hərtərəfli yanaşdığını qeyd edib. Bildirilib ki, SPECA ölkələrinin okeana çıxışının olmaması onların nəqliyyat infrastrukturunun və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bu baxımdan, Orta Dəhlizin önəmi, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən əsas katalizator kimi rolu dəyərləndirilib. SPECA ölkələrinin ortaq dəyərləri, zəngin resursları, nəqliyyat, logistika və alternativ enerji potensialı qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığına münbit zəmin yaradır. Bu kontekstdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi də önəmlidir. Azərbaycanla SPECA ölkələri arasında ticarət artan dinamika ilə inkişaf edir, investisiya əməkdaşlığı genişlənir. Artıq Azərbaycan Özbəkistan və Qırğızıstanla birgə investisiya qurumları yaradıb. Digər üzv ölkələrlə birgə investisiya fondlarının yaradılması ikitərəfli əməkdaşlığın şaxələndirilməsinə töhfə verə bilər.
Nazir Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar barədə məlumat verib. Qeyd edilib ki, son 20 ildə ümumi daxili məhsulumuz 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 10 dəfədən çox artıb. Hazırda xarici borcumuz ÜDM-in 10%-i civarındadır. Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir. Ölkədə təkcə enerji deyil, digər sektorlar üçün də əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Bununla yanaşı, yeni mərhələdə ölkənin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib, davamlı və innovativ iqtisadi quruculuq planları və atılan addımlar qeyd edilib. Bildirilib ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İndiyədək bu məqsədlər üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib. 2024-cü il üçün bu məqsədlə 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur.
Qeyd olunub ki, SPECA-nın 25 illik yubileyi münasibətilə Dövlət Başçılarının SPECA Sammiti keçiriləcək və Rəhbər Şuranın 18-ci iclasında müzakirə olunan məsələlər bu kontekstdə xüsusilə vacibdir.
İqtisadiyyat naziri iclasda aparılan müzakirələr və qəbul edilən qərarların SPECA-nın gələcək dövr üçün kursunu istiqamətləndirəcəyini vurğulayıb.
İclasda Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniar Amangeldiyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Begmırat Allakbayev, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan və müavini Dmitri Mariyasin, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda, həmçinin tədbirdə müşahidəçi qismində iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto proqram ölkələri arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını, region ölkələri arasında inteqrasiya prosesinin sürətləndiyini vurğulayıblar. Bununla belə, nəqliyyat-tranzit, rəqəmsal transformasiya, “yaşıl” enerji, iqlim dəyişikliyi nəticələrinin aradan qaldırılması, gender məsələləri, dayanıqlı inkişaf və s. istiqamətlər üzrə birgə təşəbbüslərin gücləndirilməsinin vacibliyi qeyd edilib.
Tədbirdə 2023-cü il SPECA İqtisadi Forumunun nəticələri, SPECA Sammitinin keçirilməsi, SPECA üzrə BMT Baş Assambleyasının qətnaməsi, SPECA Nizamnaməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.
İclasda 2023-cü il SPECA Rəhbər Şurasının qərarları, İqtisadi Forumunun yekun sənədi, Nizamnaməsinə dəyişikliklər qəbul edilib, Proqramın işçi qruplarının 2024-2025-ci illər üzrə iş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Tacikistan seçilib.