SPECA ölkələri iqtisadi-ticarət əlaqələrini genişləndirmək məqsədilə nəqliyyat infrastrukturunu inkişaf etdirir. Bu baxımdan Orta Dəhlizin önəmi, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən katalizator kimi rolu dəyərləndirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Rəhbər Şurasının 18-ci iclasında deyib.
Nazir bildirib ki, SPECA ölkələrinin beynəlxalq səviyyədə əhəmiyyəti artır.
“Bütün SPECA ölkələri çağırışlarla üzləşirlər. Onların açıq dənizə çıxışı yoxdur. Bu da nəqliyyat, logistika çağırışlarını yaradır. SPECA ölkələri ilə bizi tarixi, mədəni köklər bağlayır. Biz "yaşıl enerji" sahəsində əməkdaşlığı davam etdiririk. SPECA ölkələrinin ortaq dəyərləri, zəngin resursları, nəqliyyat, logistika və alternativ enerji potensialı qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığına münbit zəmin yaradır. Bu kontekstdə rəqəmsal iqtisadiyyatın inkişafı önəmlidir. Azərbaycanla SPECA ölkələri arasında investisiya əməkdaşlığı genişlənir, birgə investisiya fondları yaradılır. SPECA ölkələri Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər”, - deyə nazir vurğulayıb.
AZƏRTAC