“Bakı KOB evi”ndə sahibkarlara daha çox xidmət göstərən qurumların adı açıqlanıb

2023.11.23 12:31 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 232 minə yaxını beş dövlət qurumu tərəfindən göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, hesabat dövründə sahibkarlar “Bakı KOB evi”nə daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətləri üçün müraciət ediblər – 204 520. Siyahıda növbəti yerləri 17947 xidmətlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, 5 074 xidmətlə Dövlət Vergi Xidməti, 2 912 xidmətlə Dövlət Gömrük Komitəsi, 1 154 xidmətlə Fövqəladə Hallar Nazirliyi tutur. Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri olan icazə, mənşə sertifikatı və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı müraciət ediblər.

Ümumilikdə bu dövrdə “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 248 262 xidmət göstərilib. Bu xidmətlərin 233 735-i (94,15 faizi) dövlət qurumları, 14 527-si (5,85 faizi) isə özəl qurumlar tərəfindən göstərilib.

Qeyd edək ki, “Bakı KOB evi”ndə sahibkarlara 35 dövlət qurumu tərəfindən biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyəti zamanı zəruri olan 300-dən çox “G2B” və 15 özəl qurum tərəfindən 80-dən çox “B2B” xidmətlər göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı və digər sənədlər, kommunal xidmətlərə qoşulma, vergi, gömrük, qida təhlükəsizliyi, aqrar sahə üçün subsidiyalar, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.