“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum öz işini sessiyalarla davam etdirib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, “Davamlı və neytral karbonlu enerji sistemləri üçün SPECA bölgəsində “yaşıl enerji” bağlantısı” mövzusunda keçirilən sessiyada energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbir çərçivəsində enerji keçidi üzrə aparılan müzakirələrin məhsuldar olacağına inamını ifadə edib, bəşəriyyətin gələcəyi və dayanıqlı inkişaf üçün bu keçidin sürətlənməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası da daxil olmaqla ölkəmizdə qəbul olunan milli plan və strategiyalarda “yaşıl enerji” potensialından istifadənin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda bərpa olunan enerjinin ümumi enerji balansındakı həcminin artırılması, həmçinin ixrac istiqamətində qarşıya qoyulan hədəflər, görülən işlər və aparılan islahatlar haqqında danışan nazir müavini enerji keçidinə özəl investisiyaların cəlbi sahəsində SPECA regionunda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Tədbirdə regionda dayanıqlı və karbonsuz enerji sistemlərinin yaradılması, enerji bağlantılarının əhatə dairəsinin genişləndirilməsi barədə müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər səsləndirilib.