Naxçıvanda ilk dəfə vergi könüllüləri fəaliyyət göstərəcək

2023.11.22 12:10 (UTC+04:00)

Bununla bağlı Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində 4 nəfər könüllü gənclə keçirilən görüşdə Xidmətin rəisi Abbas İsmayılov bildirib ki, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinin davamı olaraq, biz də bu potensialdan istifadə etmək qərarına gəldik. Layihənin daha bir məqsədi gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək etməkdir.

Könüllülər xidmət mərkəzində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. İki ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Gələcəkdə Şərur, Babək və Ordubad şəhərlərində istifadəyə veriləcək xidmət mərkəzlərində də belə bir fəaliyyətin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində könüllü kimi çalışmaq üçün ilkin mərhələdə muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13.07.2023-cü il tarixdə elan olunmuş müsabiqədə iştirak etmiş şəxslər arasından 4 nəfər gənc seçilib.