Azərbaycan Transxəzər əməkdaşlığı sahəsində böyük irəliləyişə nail olub. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına BMT-nin Avropa İqtisadi Komissiyasının regional müşaviri Mario Apostalov bildirib. Bakıda keçirilən SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) həftəsində iştirak edən M.Apostalovun sözlərinə görə, proqram 25 il əvvəl gənc dövlətlərə və onların iqtisadiyyatlarına bir-birləri ilə əməkdaşlıq əlaqələri qurmaq, Avropa və Asiya iqtisadiyyatları ilə inteqrasiya etmək üçün yaradılıb və uzun illər ərzində unikal alət olub: “Son illər pandemiya, maliyyə, geosiyasi böhranlar səbəbindən SPECA ölkələri yeni çağırışlarla üz-üzədir və buna görə də ölkələrimizin daha sıx əməkdaşlığa ehtiyacı var”.
SPECA-nın fondunun yaradılması təşəbbüsünə toxunan M.Apostalov qeyd edib ki, bu, bir sıra ölkələrlə müzakirə olunub və hazırda maliyyələşdirmə məsələlərinə baxılır.
BMT təmsilçisi, həmçinin, Azərbaycanın iqtisadi potensialını yüksək qiymətləndirib: “Azərbaycanın çox böyük iqtisadi potensialı var, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə sahibdir. Ölkədə həyata keçirilən layihələr yüksək səviyyədə qarşılıqlı etimadı və tərəflər arasındakı praktiki əməkdaşlığı, o cümlədən nəqliyyat, tranzit və logistika sahələrindəki potensialı nümayiş etdirir. Bu da öz növbəsində Azərbaycanın davamlı və sabit inkişafına töhfə verir”.
Tamilla MƏMMƏDOVA