“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda İqtisadi Forum sessiyalarla işini davam etdirir.
“BMT standartlarından istifadə etməklə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd mübadiləsi” mövzusunda sessiyada Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov rəqəmsal transformasiyanın ölkəmizin prioritetlərindən olduğunu bildirib, rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində infrastruktur quruculuğu, müasir texnologiyaların tətbiqi və bu sahədə beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikarimov, Mərkəzi Asiya Nəqliyyat və Logistika Tərəfdaşlığının sədri Larisa Kislyakova, Qazaxıstanın BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası yanında daimi nümayəndəsinin müavini Vitaliy Aleksandrov, Ticarətin Asanlaşdırılması və Elektron Biznes üzrə BMT Mərkəzinin sədri Syu Probert rəqəmsal transformasiyanın və elektron sənəd mübadiləsinin regional ticarətdə səmərəli əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb, region ölkələri tərəfindən SPECA-nın davamlı ticarət prinsiplərinin dəstəklənməsinin faydaları və digər əlaqədar məsələlər barədə danışıblar.
Tədbirdə iştirakçı ölkələrdə rəqəmsal transformasiya sahəsində mövcud təcrübələrdən söhbət açılıb, tərəfdaşlıq potensialı barədə təkliflər səsləndirilib.