Yanvar-oktyabr ayları ərzində 73 yeni dövlət standartı qəbul edilib

2023.11.21 16:50 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 73 yeni dövlət standartı qəbul edilib.

İnstitutdan verilən məlumata görə, hesabat dövründə aqrar və qida sahəsi üzrə 38, ekologiya sahəsi üzrə 5, elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələri üzrə 1, kosmetika sahəsi üzrə 3, neft və kimya sənayesi üzrə 3, ağır sənaye və maşınqayırma sahələri üzrə 4, tikinti materialları üzrə 8, qiymətli metallar və qiymətli daşlar üzrə 3, idarəetmə sistemləri sahəsi üzrə 1, təşkilati və metodoloji sahə üzrə 2, tibb sahəsi üzrə 3, mebel sahəsi üzrə 1, yüngül sənaye sahəsi üzrə 1 dövlət standartı qəbul edilib.

Eyni zamanda, 43 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 51 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 144 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Qəbul edilən normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.